AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının (MEA) Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunda “Çingiz Aytmatov ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bağlı müzakirə keçirilib. Cildi iki ölkənin Ədəbiyyat institutları birlikdə hazırlayırlar.
Bu barədə AMEA-dan məlumat verilib.
Müzakirədə akademik İsa Həbibbəyli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli, Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev, institut əməkdaşları iştirak ediblər.
Ensiklopediyanın həmin cildinin sözlüyü müzakirə edilərək təsdiq edilib. Azərbaycan və Qırğızıstan tərəfindən məqalələrin müəllifləri müəyyənləşdirilib.
Akademik İsa Həbibbəyli bildirib ki, “Çingiz Aytmatov və Azərbaycan” cildi Türk dünyasının böyük oğlu Çingiz Aytmatov irsinə olan münasibəti ifadə edir. Bu iş, eyni zamanda, Azərbaycan və Qırğızıstan Milli Elmlər akademiyalarının, Ədəbiyyat institutlarının birgə fəaliyyətinin əyani göstəricisi kimi əhəmiyyətlidir.
Akademik Abdıldajan Akmataliyev çıxışında “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasına Bakıda başlandığını deyib, Bişkekdə hər iki institutun birlikdə müzakirə etməsinin əhəmiyyətindən bəhs edib.
Ensiklopediyanın cildinin 2026-cı ildə Azərbaycan və qırğız dillərində çap edilməsinə qərar verilib.
Görüşdə layihənin Azərbaycan koordinatoru dosent Mehman Həsənli, Qırğızıstan tərəfindən koordinator dosent Nurzina İsayeva, eləcə də Aynura Kadırmammedova və Raziye Sırdbayeva çıxış ediblər.