Onu Latın Amerikası ədəbiyyatının “Super Mario”su adlandırırdılar.

Cavanlığında sol təmayüllü ideyalara maraq göstərmiş, Latın Amerikasının sosialist ölkəsi Kubada Fidel Kasto rejiminin tərəfdarı kimi tanınmışdı. Lakin zamanla kommunist ideyalarının avtoritarlığa meylləri onda xəyal qırıqlığı yaratmışdı. 1990-cı ildə vətəni Peruda prezidentliyə namizəd olmuş, ilk turdan birinci çıxsa da, ikinci turda rəqibi, gələcək diktator Alberto Fuximoriyə uduzmuşdu....

Ədəbiyyata isə jurnalistikadan gəlmiş, magik realizm cərəyanının aparıcı siması kimi tanınmışdı...

Peru yazıçısı, dramaturq, publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa aprelin 13-də, 89 yaşında vəfat edib.

Mario Varqas Lyosa 28 mart 1936-cı ildə Perunun Arekipa şəhərində anadan olub. Bir müddət Madriddə və Parisdə yaşayıb. 27 yaşında nəşr olunan “Şəhər və köpəklər” romanı ilə məşhurlaşıb. “Yaşıl ev”, “Kilsədə söhbət”, “Keçi bayramı”, “Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü”, “Palomino Moleronu kim öldürüb?”, “Odissey və Penelopa”, “Ketlin yuxusu”, “Sadə qəhrəman” kimi roman və pyeslərin müəllifidir.

2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Yazıçı Nobel nitqində ədəbiyyat haqqında belə deyib: “Ədəbiyyat yalandır, lakin o bizdə, oxucularda həqiqətə çevrilir, təxəyyül sayəsində daim boz reallığı şübhə altına alan oxucuları bu həqiqətə yoluxdurur...”.

2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” kitabı nəşr edilib.

Kitaba müəllifin “Palomino Moleronu kim öldürüb?” romanı, “Küçüklər”, “Döyüş”, “Kiçik qardaş”, “Müştəri”, “Başçılar”, “Bazar günü” hekayələri, həmçinin Nobel nitqi və müsahibəsi daxil edilib. Əsərləri Azərbaycan dilinə Saday Budaqlı və Mahir N.Qarayev tərcümə ediblər. 

Vüqar Orxan