2-4 may tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçiriləcək. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə gerçəkləşəcək.

Festivalın məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

“Azərxalça” ASC-dən bildirilib ki, festival mayın 2-də Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçı və bu sahənin tədqiqatçılarını bir araya gətirəcək. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

Mayın 3-4-də isə festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaralar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Bir sıra ölkələrdən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.

Qeyd edək ki, festival İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin təşkilatın “Bəşəriyyətin Qeyri-Maddi İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, interaktiv tədbirlər, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

Xalça bayramında iştirak etmək istəyənlər festival haqqında daha geniş məlumatı bakucarpetfest.az saytından, bütün suallara cavabı isə info@bakucarpetfest.az ünvanından əldə edə bilərlər.