Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə "Yeni elmi araşdırmalar, Qazax-Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları" mövzusunda elmi-praktik seminar keçirilib. 

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş seminarın məqsədi bölgənin tarixini, mədəni irsini yaşatmaq və gənc nəsilə təbliğ etməkdir.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda rayon icra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Öncə tədbir iştirakçıları qoruq ərazisində aparılmış elmi-tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olublar. 

Seminarı “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev açaraq əlamətdar günün önəmindən, tarixi abidələrimizə dövlət qayğısından bəhs edib.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov, Würzburg Julius Maximilians Universitetinin (Almaniya) Qədim Yaxın Şərq tədqiqatları kafedranın müdiri professor Martin Gruber, Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı, Əməkdar müəllim İndira Səmədova, "Keşikçidağ" qoruğunun əməkdaşı Lalə Yusifzadə çıxış ediblər.  

Çıxışlarda “Keşikçidağ” mağaralar kompleksindəki abidələrin tədqiqi, qorunması, gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlərdən söz açılıb.

Seminar başa çatdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə Ceyrançöldə yerləşən “Keşikçidağ” kurqanlar vadisinin ərazisində yeni aşkarlanmış abidələrə tanışlıq turu təşkil olunub.