Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində “Mədəni irsini qoru” layihəsinin növbəti infoturu keçirilib.

MEMİM-dən bildirilib ki, infotur Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə reallaşıb.

İnfoturun məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsi kimi məqamlardan ibarətdir. İnfotur zamanı Gəncədə yerləşən ali təhsil müəssisələrinin tələbələri və media nümayəndələri üçün şəhərin həm tarix, həm də mədəniyyət baxımından böyük əhəmiyyət daşıyan Çökək hamam, Cavad xanın türbəsi, Şah Abbas məscidi və karvansarası, Gəncə qala divarları, Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binası və digər tarixi yerlərə ekskursiya təşkil olunub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov və digər mütəxəssislər maarifləndirici məlumatları layihə iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edək ki, daha öncə layihə çərçivəsində Qobustan Milli Tarix-Bədii Qoruğuna, Böyük və Kiçik Mərdəkan Qəsrlərinə, Zərgərpalan hamamına infoturlar təşkil olunub.