Fevralın 19-da Astara rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tarix dərsi keçirilib.
Astara rayon Zülfüqar Əhmədzadə adına Pensər kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi dərsdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tarix dərsində mərkəzin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, 33 il öncə erməni faşistləri və sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı tərəfindən Xoclıda dinc sakinlərə qarşı törədilən soyqırımı unudulmur. Əksinə, illər keçdikdə qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı soyqırımı törədənlərə qarşı nifrət artır. 44 gün davam edən II Qarabağ müharibəsində qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 33 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin də qisasını aldı.
Sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımovanın mövzu ilə bağlı geniş məruzəsi dinlənilib. Daha sonra “Xocalı soyqırımı” adlı qısa sənədli film nümayiş olunub.
Sonda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.