Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Xalq artisti, Prezident təqaüdçüsü, “İstiqlal” ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun (1929-2022) xatirəsinə həsr edilmiş “Vətən yaxşıdır” adlı gecə keçirilib.
Tədbirdə mədəniyyət, səhiyyə, təhsil işçiləri, şəhid valideynləri, musiqisevərlər, həmçinin xüsusi qonaq qismində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Xudayar Yusifzadənin anası iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və digər muğam və təsniflər Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun mahnılarını muğam ifaçıları bu gün də sevərək ifa edirlər.
Xatirə gecəsində məktəbin şagirdlərinin ifasında “Rast” muğamı, “Hicaz” təsnifi, həmçinin Ə.Məmmədovun repertuarından “Bakı”, “Mehriban həkim”, “Mənim Azərbaycanım”, “Ana yurdum”, “Birdənəsən” və digər mahnılar, həmçinin “Xudayar təsnifi” səsləndirilib.
Qeyd edək ki, sözləri Əliağa Vahidə məxsus olan və Ə.Məmmədovun repertuarından “Vətən yaxşıdır” təsnifi 44 günlük Vətən müharibəsi zamanı Xudayar Yusifzadənin ifasında yenidən sevilib və dillər əzbəri olub. Təsnif Ə.Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.