Bu il müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən bəstəkar, pedaqoq, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Prezident təqaüdçüsü, professor Tofiq Bakıxanov 95 illik yubileyini qeyd edir. Qocaman sənətkar müxtəlif janrlı diqqətəlayiq əsərləri ilə musiqi salnaməmizə parlaq səhifələr yazıb.
Bəstəkarın zəngin yaradıcılığı tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri tərəfindən daim yüksək qiymətləndirilib. Xalq yazıçısı, Dövlət mükafatı laureatı Qılman İlkin (1914–2009) də vaxtilə Tofiq Bakıxanovun musiqi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs edib. Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin arxivində Q.İlkinin bəstəkar haqqında yazdığı və indiyədək dərc edilməyən məqalənin əlyazması aşkar olunub.
Tofiq müəllim tərəfindən fotosurəti redaksiyamıza təqdim edilən "Musiqi mücahidi" sərlövhəli həmin yazını oxucularımıza təqdim edirik:
***
Sənətkar var ki, özünü sənətinə qurban verməyə həmişə hazırdır. Bu adam, demək olar ki, öz sənəti ilə nəfəs alır, onunla yaşayır. Belə bir sənətkarı xatırlayanda həmişə Tofiq Bakıxanov yada düşür. Bir sözlə, Tofiq Bakıxanov, demək olar ki, öz sənətinin mücahididir. O, həmişə hərəkətdədir, bikar oturduğu an da olmur. O, küçədə gəzərkən elə bil harasa tələsir. Tofiq yalnız bəstəkar deyil, öz sənətinin təşkilatçısı, yaradıcısıdır. Mən onun bu gözəl məziyyətinə 1950-ci illərdə onunla birlikdə “Azərnəşr”də işlədiyim günlərdə, saatlarda bələd olmuşam. O illərdə Tofiq “Azərnəşr”də musiqi şöbəsinin müdiri idi. O bu vəzifəyə gəldiyi 3-4 ayın ərzində şöbəni, demək olar ki, musiqi evinə çevirmişdi. Qısa müddət ərzində Azərbaycan musiqisinin bütün tanınmış nümayəndələrini öz ətrafına çevirmişdi. Qəbul etdiyi musiqi əsərlərinin geniş müzakirəsini keçirirdi. Müəlliflərin təzəcə yazdığı mahnılar, lirika ilk dəfə, demək olar ki, onun otağında səslənirdi. Hamının hörmətini qazanmışdı. Onların içərisində muğamları dərindən bilən ikinci adam çətin tapılardı. Bu da əsassız deyildi. Çünki o, Əhməd Bakıxanovun evində tərbiyələnmişdi. O dövrdə Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun və başqa böyük sənətkarların əsərləri nəfis şəkildə çap olunurdu. Bu yalnız Tofiq Bakıxanovun səyi və səliqəsi ilə əmələ gəlirdi.
Tofiq Bakıxanov böyük ustadı Üzeyir bəyin yolunu davam etdirirdi. O yalnız öz fəaliyyəti ilə deyil, hər cəhətdən də böyük Üzeyirin yolunu davam etdirirdi. Məsələn, Üzeyir bəy öz yaradıcılığında İran həyatından, İran tarixindən aldığı mövzular əsasında tez-tez muğam operaları yazmışdı. Bunlardan 1909–1915-ci illər ərzində “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşid banu” və başqa muğam operaları yazmışdı. Ondan sonra bu mövzunu davam etdirən Tofiq Bakıxanov olmuşdu. O bu sahədə yorulmadan çalışaraq bu mövzuda beş muğam simfoniyası yazaraq Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi.
Tofiq Bakıxanov bizim bəstəkarlar içərisində ən məhsuldarıdır. O, həmişə yeniliyə can atmış, tamaşaçıları həmişə sevindirmişdi. O, balet yazılışı tarixinə yeni nəfəs, yeni mövzu ilə gəlmişdi. Onun son zamanlarda yazdığı birpərdəli üç balet əsəri öz müasir mövzuları ilə seçilir.
Tofiq Bakıxanov dinclik bilməyən sənətkardır. Ömrünün çox hissəsini xarici ölkələrə səfərlərdə keçirib. Səfərdən qayıtdıqdan sonra başqa Şərq ölkələrinin musiqisi ilə qarşılıqlı əlaqələrdən bəhs edən mütləq bir yazı meydana qoyurdu. 2004-cü ildə çap edilmiş “Azərbaycan və İran musiqilərinin qarşılıqlı əlaqələri” belə səfərlərdən birinin nəticəsidir.
1991-ci ildə isə o, altı saylı “İran sonatası”nı çap etdirdi. Bəzən təəccüblənirsən. O bu əsərləri yazmaq üçün haradan vaxt tapır.
Bəstəkarın həyat və fəaliyyəti ilə tanış olduqca ona ancaq həsəd aparmaq olar.
Qılman İlkin