
Respublika Gənclər Kitabxanasında yazıçı-publisist, jurnalist, ssenarist İntiqam Mehdizadənin (1945-2022) 80 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr edilmiş virtual kitab sərgisi və vəsait hazırlanıb.
Kitabxanadan bildirilib ki, daycestdə (https://ryl.az/funds/daycest) İntiqam Mehdizadənin özünəməxsus yaradıcılıq keyfiyyətləri təsvir edilib, “El istəkli, Vətən istəkli İntiqam Mehdizadə” adlı məqalənin tam mətni verilib.
Materialda həmçinin yazıçının müxtəlif qəzet və jurnallarda çap edilən “Vahidimiz Əzizimiz”, “Rənglər, yaxud yaddaşlardan silinməyən Səməd Mənsur hikmətləri”, “Xocalı gəzişmələri”, “Səs yadigarı”, “Fəlsəfə və biz - Bu gün dünəndən başlayır” kimi 30-a yaxın məqaləsinin biblioqrafik təsviri, qısa annotasiyası və elektron keçid yer alıb.
Virtual kitab sərgisində İntiqam Mehdizadənin yaradıcılıq nümunələri ilə yanaşı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun yazıçı haqqında söylədiyi dəyərli fikirlər, yazıçının öz səs yazıları da təqdim edilib. Sərgidə İntiqam Mehdizadənin “İşığa çıxmış düşüncələr”, “Maralı qoca dağlar”, “Ömür belə keçir” kimi kitablarının qısa annotasiyası da verilib.
Material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/intiqam-mehhdizade-80 yerləşdirilib.