İmişli Rayon İcra Hakimiyyəti və Mil-Muğan RMİ İmişli rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin şəhidi Elnur Bayramovun xatirəsinə həsr olunmuş "Bir ocağın üç qəhrəman oğlu" adlı tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Rayonun icra başçısı Elçin Rzayev çıxış edərək dövlətimiz tərəfindən şəhidlərin adının əbədləşdirilməsi və şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Elnur Bayramovun keçdiyi şərəfli ömür yolu, eyni zamanda onun qardaşları Elbəyi və Xalidin qəhrəmanlıqları yeni nəsillər üçün vətənsevərlik örnəyidir.
Qəhrəmanın atası Şəmsi Bayramov övladı barədə xatirəsini bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiyalar və videoçarx nümayiş olunub, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.
Qeyd edək ki, Elnur Bayramov 1992-ci il yanvarın 25-də İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açıb. Şahverdili kənd tam orta məktəbində təhsil alıb.
Vətən müharibəsi zamanı Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 28 oktyabrda Şuşanın Daşaltı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.