Tarixdəki olaylar

 

7 iyun 1905 – Norveç-İsveç uniyasına (ittifaq) son qoyulub. Norveç parlamenti (Stortinq) ölkədə keçirilmiş referendumun nəticələrini nəzərə alaraq yüz ilə yaxın qüvvədə olan ittifaq sazişini pozmaq barədə qərar çıxarıb. Norveç müstəqil krallıq olub. İsveç 1814-cü ildə Norveçlə müharibədə qalib gələrək onu özü ilə ittifaqa məcbur etmişdi.

 

7 iyun 1992 – Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, beş namizədin iştirak etdiyi seçkidə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 iyun 1848 – Fransız impressionist rəssamı, qrafik və heykəltaraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848 – 8.5.1903) anadan olub.

 

7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssamlardan Qeysər Seyfulla qızı Kaşıyeva (1893 – 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir. “Şərq qadını” jurnalında rəssam işləyib.

 

7 iyun 1917 – İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin – Dino Paul Crocetti; 1917 – 25.12.1995) anadan olub.

 

7 iyun 1924 – Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 – 3.12.1996) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Rus Dram Teatrında direktor və bədii rəhbər işləyib. Teatr və televiziya tamaşalarında, filmlərdə (“Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) yaddaqalan rollar oynayıb.

Hazırladı: Vüqar Orxan