Tarixdəki olaylar
6 iyun 1664 – Britaniya ilə Niderland arasında Amerikadakı müstəmləkələrə nəzarət uğrunda müharibə başlayıb. İlk döyüşdə qalib gələn ingilislər Nyu-Amsterdam şəhərini ələ keçiriblər və onun adını dəyişərək Nyu-York qoyublar.
6 iyun 1920 – Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri iyunun 16-da üsyanı yatırıb. Hafiz Əfəndi dəstəsi ilə Gürcüstan ərazisinə keçib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 iyun 1599 – İspan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez; 1599–1660) anadan olub.
6 iyun 1606 – Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille; 1606–1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
6 iyun 1799 – Rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 – 10.02.1837) anadan olub. Əsərləri: “Yevgeni Onegin” (mənzum roman), “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Tunc atlı” (poema), “Boris Qodunov”, “Motsart və Salyeri” (pyes), “Kapitan qızı”, “Qaratoxmaq qadın” (povest) və s.
6 iyun 1875 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 1875 – 12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.
6 iyun 1917 – Azərbaycanın tanınmış teatr xadimi, rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır, 1942–1969-cu illərdə bu teatrda quruluşçu rejissor və baş rejissor işləyib.
6 iyun 1929 – Əməkdar rəssam, heykəltaraş Münəvvər Məcid qızı Rzayeva (1929–2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızı), Ayna Sultanova, Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərinin müəllifidir.
6 iyun 1929 – Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar (1929 – 12.6.2021) Bakıda doğulub. İxtisas sahəsi ilə yanaşı, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Köhnə Bakı”, “Köhnə Şuşa” və s. kitabların müəllifidir.
Hazırladı: Vüqar Orxan