5 iyun Dünya Ətraf Mühit Günüdür (World Environment Day). Azərbaycanda 5 iyun Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramıdır. Bu gün ölkəmizdə həmçinin "Şairlər günü" (5 iyunda doğulan Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun xatirəsinə ehtiram olaraq) kimi qeyd edilir...
Tarixdəki olaylar
5 iyun 1967 – Yaxın Şərqdə “Altıgünlük müharibə” başlanıb. İsrail ordusu Misir, Suriya, İordaniya və İraqın birləşmiş qüvvələrini qısa müddətdə (10 iyun) məğlub edib, Misirin Sinay yarımadasını, Suriyanın Qolan təpələrini ələ keçirib. Misir hökuməti ABŞ və Britaniyanın İsraili dəstəkləməsinə etiraz olaraq Süveyş kanalını bağlayıb. Dünya gəmiçiliyi üçün böyük əhəmiyyət daşıyan kanal yalnız 1975-ci ildə açıldı. 1979–1980-ci illərdə Misirlə aparılan Kemp-Devid (ABŞ) danışıqları nəticəsində İsrail Sinayı tərk etdi.
5 iyun 1972 – Stokholmda (İsveç) ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfrans başlayıb. Həmin il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında 5 iyun – Dünya Ətraf Mühit Günü (World Environment Day) kimi təsis olunub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 iyun 1898 – İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898 – 19.8.1936) anadan olub. İspaniyada vətəndaş müharibəsində həlak olub.
5 iyun 1908 – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 1908 – 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. Qısa ömründə 10 şeir və poemalar toplusu nəşr olunub. Repressiya qurbanıdır.
5 iyun 1931 – Fransız kinorejissoru, “Yeni dalğa”nın nümayəndəsi Jak Demi (Jacques Demy; 1931–1990) anadan olub
5 iyun 1939 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 – 28.1.2015) anadan olub. Lirik-fəlsəfi şeirlərin, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000–2010) olub.
5 iyun 1941 – Görkəmli aktyor, Əməkdar artist Hamlet Bəbir oğlu Xanızadə (1941 – 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, Akademik Milli Dram Teatrının səhnəsində, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan