Tarixdəki olaylar


4 iyun 1878
– Britaniya və Osmanlı dövlətləri arasında Kipr anlaşması imzalanıb. Osmanlı Kipr adasını Britaniyanın idarəçiliyinə verərək əvəzində Rusiya ilə Balkan müharibəsində (1877–1878) ondan yardım almalı idi. Lakin Osmanlı müharibədə məğlub oldu və Balkanların böyük hissəsinə də, Kiprə də nəzarəti itirdi.

 

4 iyun 1918  Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı dövləti tərəfindən tanındı.

 

4 iyun 1993 – Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub. Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı dərinləşdirib, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

4 iyun 1882 – Rus teatr rejissoru Fyodor Komissarjevski (1882–1954) anadan olub.

 

4 iyun 1915 – Türk yazar, filoloq, tərcüməçi (qədim yunan və latın dilləri) Azra Erhat (1915 – 6.9.1982) anadan olub. “İliada” və “Odisseya” dastanlarını türkcəyə (şair A.Kadır ilə birlikdə) tərcümə edib.

 

4 iyun 1926 – Əməkdar artist, xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 – 4.1.2000) Qubada anadan olub. Muğam, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı kimi tanınıb. “Arşın mal alan” filmində (1945) Telli rolunu oynayıb.

 

4 iyun 1929 – Əməkdar artist, kamança ifaçısı Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.

 

4 iyun 1939 – Əməkdar artist Vaqif Nəcəf oğlu Rəsulov (1939–2014) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub.

 

4 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kinooperator Elman Əliverdi oğlu Əliyev (1944 – 7.12.2016) Bakıda doğulub. 30-dan artıq sənədli filmin operatoru, bədii filmlərin rəssam-fotoqrafı olub. 

Hazırladı: Vüqar Orxan