Tarixdəki olaylar
3 iyun 1920 – Azərbaycandakı bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin hərbi birlikləri Şuşa şəhərinə daxil olublar. Onların üzərinə Rusiyanın XI ordusunun əlavə birləşmələri göndərilib. Levandovskinin komandanlığı altındakı rus qoşunları iyunun 15-də Şuşanı yenidən işğal edib. Milli Ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkilib. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçib.
3 iyun 1992 – Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
3 iyun 1996 – Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya prezidentləri Heydər Əliyev, Eduard Şevardnadze, Levon Ter-Petrosyan və Boris Yeltsin Kislovodsk şəhərində "Qafqaz millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda Bəyannamə" imzalayıblar. Bununla "Qafqaz dördlüyü" formatının əsası qoyulub. Lakin bu formatın daha sonra praktik fəaliyyəti olmadı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
3 iyun 1875 – Fransız bəstəkarı Jorj Bize (Georges Bizet – Alexandre-Cesar-Leopold Bizet; 25.10.1838 – 1875) vəfat edib. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
3 iyun 1924 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 3.7.1883 – 1924) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.
3 iyun 1929 – Pianoçu, musiqişünas-pedaqoq, Əməkdar müəllim Elmira Mirzəağa qızı Əliyeva (1929–2022) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
3 iyun 1963 – Türk şairi, yazıçı-dramaturq Nazim Hikmət (15.1.1902 – 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmləri çəkilib.
3 iyun 2006 – Xalq artisti, teatr və kino aktyoru Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1.1.1947 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
3 iyun 2006 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (10.9.1931 – 2006) vəfat edib. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.
Hazırladı: Vüqar Orxan