Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan Opera Günlərinə iyunun 6-da start verilib.

Layihənin ilk axşamı Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub.

Tamaşadan əvvəl Opera və Balet Teatrının direktorunun müavini Əməkdar artist Ramil Qasımov mediaya açıqlamasında layihənin məqsədindən danışıb. Bildirib ki, layihə Azərbaycanda və müsəlman Şərqində ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulan irsin yaşadılmasına və təbliğinə xidmət edir: "Üzeyir Hacıbəyli təkcə musiqi tariximizin deyil, mənəvi yaddaşımızın sütunlarından biridir. Onun yaratdığı zəngin irs, milli operamızın təməlini qoyan sənət dünyası bu gün də yaşayır. Bizim vəzifəmiz bu irsi qorumaqla kifayətlənməmək, onu gələcək nəsillərə sevdirərək yaşatmaqdır. Layihə çərçivəsində ustad dərsləri, operalar və konsert proqramları təşkil olunacaq. Layihə yalnız bir mədəniyyət hadisəsi deyil, həm də bir dəyərin yaşadılması, milli irsimizin gələcəyə daşıdığı işıqdır”.

Sonra Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunub. Operada əsas partiyaları Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı mərhum Xalq rəssamı Rafiz İsmayılov, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, baletmeysteri Əməkdar incəsənət xadimi Yuliana Əlikişizadədir.

Tarda ifanı Xalq artisti Elçin Həşimov, kamançada müşayiəti Əməkdar artist Elnur Əhmədov təqdim edib.

Opera Günləri iyunun 25-dək davam edəcək.