Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gəncədə keçirilən  “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində Azərbaycan Milli Kitabxanasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə region üzrə kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.

Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə kitabxana əməkdaşlarının qatıldığı təlimdə əvvəlcə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov çıxış ediblər. Kitabxanaçıların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə bu kimi təlimlərə ehtiyac olduğu vurğulanıb.

Sonra Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri Aygün Koçak və Sevinc Əfəndiyeva “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlarla çıxış ediblər.

Mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, MEMİM tərəfindən cari ilin əvvəlində Şəkidə kitabxana əməkdaşları üçün təlim təşkil edilib.