Tarixdəki olaylar
4 aprel 1949 – Vaşinqtonda NATO-nun (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı) yaranmasına dair saziş imzalanıb. Müqaviləni 12 dövlət (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland, Lüksemburq, Kanada, Danimarka, İslandiya, Norveç və Portuqaliya) imzalamışdı. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-də AFR, 1982-də İspaniya alyansa üzv olub. 90-cı illərdə SSRİ və sosialist düşərgəsinin dağılmasından sonra NATO-nun sıraları genişlənib və 2024-cü ildə üzvlərinin sayı 32-yə çatıb.
4 aprel 1992 – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 aprel 1818 – İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı”) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818–1883) anadan olub.
4 aprel 1898 – Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898–1987) Lənkəranda anadan olub. 1930-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.
4 aprel 1913 – Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 – 4.1.1988) Salyanda doğulub. İrəvan Dövlət Azərbaycan Teatrında, Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə çəkilib və aparıcı rolları səsləndirib.
4 aprel 1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 – 22.7.2011) Göyçayda anadan olub.
4 aprel 1932 – Rus kinorejissoru və ssenaristi Andrey Tarkovski (1932– 29.12.1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. filmlərin müəllifidir.
4 aprel 1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub. “Azərbaycanfilm” kinostudiyasında 50-dən çox filmdə maraqlı obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan