Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Gəncədə keçirilən “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində aprelin 8-də Gəncə Dövlət Universiteti (GDU) ilə birgə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktik seminar təşkil edilib.

Mərkəzdən bildirilib ki, tədbirdə GDU-nun rektorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində keçirilən seminarın məqsədinin milli köklər zəminində formalaşan bəstəkarlıq ənənələrinin, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərinin gənc nəslə çatdırmaq olduğunu vurğulayıblar.

GDU-nun “Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, kafedranın baş müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova və Nüşabə Seyfullayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə çıxışlarında mövzularla bağlı araşdırmalarını təqdim edərək, videomateriallar və musiqi nömrələri təqdim ediblər.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən elmi-praktik seminarda GDU-nun müəllim və tələbələrinin ifasında musiqi əsərləri səslənib, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.