Xəbər verildiyi kimi, Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV konfransı keçirilib. “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunan konfransda 120 ölkədən nümayəndə heyətləri iştirak edib.
Aprelin 6-da gerçəkləşən beynəlxalq tədbir çərçivəsində geniş konsert proqramı təqdim olunub. Konsertdə ölkəmizdən incəsənət nümayəndələri də çıxış ediblər. TÜRKSOY-un Xalq Çalğı Alətləri Orkestrinin solistləri – Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərindən ibarət “Vətən” muğam qrupu ifası ilə tamaşaçıların könlünü oxşayıb. Musiqi qrupunun üzvləri – xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov və nağara ifaçısı Elnur Əliyevin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransı Azərbaycan Respublikası Milli Məclisinin spikeri, eyni zamanda Parlament Şəbəkəsinə rəhbərlik edən Sahibə Qafarovanın sədrliyi ilə gerçəkləşib.