ABŞ Administrasiyası 2020-ci ildə Prezident Donald Tramp tərəfindən Mərakeş Kralı VI Məhəmmədə bildirilən mövqeyinə sadiq qalaraq, Mərakeşin Qərbi Sahara üzərində suverenliyini bir daha təsdiqləyib.
Bəyanat ABŞ-nin dövlət katibi Marko Rubio ilə Mərakeşin xarici işlər naziri, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Naser Burita arasında Vaşinqtonda keçirilən görüşdə verilib.
Bu barədə Mərakeşin Bakıdakı səfirliyindən verilən məlumatda bildirilir.
"Birləşmiş Ştatlar Mərakeşin Qərbi Saharaya olan suverenliyini tanıyır", – deyə dövlət katibi vurğulayıb.
Səfirliyin məlumatında diqqətə çatdırılır ki, Donald Tramp birinci prezidentlik dövründə, 2020-ci ilin dekabrında Kral VI Məhəmmədlə telefon danışığı zamanı Birləşmiş Ştatların Qərbi Saharanın bütün ərazisi üzərində Mərakeşin suverenliyini tanıdığını bəyan etmiş və bununla bağlı fərman imzalamışdı. Bu sənəd həm hüquqi, həm də siyasi baxımdan vacibdir və dərhal qüvvəyə minib.
Dövlət Departamentinin sözçüsü Tammy Bruce qeyd edib ki, dövlət katibi Marko Rubio həmçinin ABŞ-nin “ədalətli və davamlı həll üçün yeganə əsas kimi Mərakeşin ciddi, etibarlı və real muxtariyyət təşəbbüsünü dəstəklədiyini” təkrarlayıb.
ABŞ diplomatiyasının rəhbəri qeyd edib ki, "Mərakeş suverenliyi çərçivəsində gerçək muxtariyyət yeganə mümkün həll yoludur" və ABŞ Prezidenti tərəfləri “gecikmədən danışıqlara başlamağa, bu məqsədlə yalnız Mərakeşin muxtariyyət təşəbbüsünü əsas götürməyə” çağırır. O, bu istiqamətdə irəliləyişin əldə olunması üçün ABŞ-nin prosesə dəstək verəcəyini bildirib.