Tarixdəki olaylar
10 aprel 1997 – Azərbaycan Respublikasının Prezidenti yanında məşvərətçi orqan – Təhlükəsizlik Şurası yaradılıb.
10 aprel 2009 – Prezident İlham Əliyev Azərbaycan Respublikasında 10 aprel – "İnşaatçılar günü” peşə bayramının təsis edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda bu günün Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq təsis olunduğu vurğulanırdı.
10 aprel 2010 – Polşanın paytaxtı Varşavadan Rusiyanın Smolensk şəhərinə uçan Tu-154 təyyarəsi hava limanına 1,5 kilometr qalmış meşəlik əraziyə düşüb. Təyyarədəki 94 nəfər, o cümlədən Polşanın dövlət başçısı Lex Kaçinski (Lech Kaczynski) və həyat yoldaşı həlak olublar.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 aprel 1923 – Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. "46 bənövşə", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərləri, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.
10 aprel 1928 – Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928 – 21.10.2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.
10 aprel 1930 – Dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930–1996) Quba rayonunda anadan olub.
10 aprel 1932 – Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “On üçüncü döyüşçü” və s.
10 aprel 1937 – Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937 – 20.11.2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.
10 aprel 1939 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (1939 – 11.6.2020) Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
10 aprel 1944 – Türkiyənin teatr xadimi, dramaturq, tərcüməçi Tuncer Cücenoğlu (1944 – 18.7.2019) anadan olub.
10 aprel 1979 – Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922–1979) vəfat edib.
Hazırladı: Vüqar Orxan