AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist və maarifçi Nəriman Nərimanovun (1870–1925) anadan olmasınln 155 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşlarından Aytən Quliyeva “N.Nərimanovun pedaqoji fəaliyyəti və maarifçilik görüşləri”, Aytən İmanova “N.Nərimanovun ictimai-siyasi baxışları şəxsi arxivində”, Xanımbacı Məlikzadə “Tanıdığımız, tanımadığımız N.Nərimanov” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə vurğulanıb ki, Nəriman Nərimanov elmin, maarifin və mədəniyyətin inkişafı, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirib, həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı uğrunda mübarizə aparıb.
İnstitutun elmi katibi dosent Aynur Hacıqədirli məruzələr ətrafında çıxış edərək Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin məhz Ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymət aldığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçıları Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və institut kitabxanasının Nəriman Nərimanovun 155 illiyi münasibətilə hazırladıqları sərgi ilə tanış olublar. Sərgidə Nəriman Nərimanovun əsərləri, onun şəxsi arxiv materialları və fotoları, “Tibb və İslam”, “İnsan bədəni və onun yemi”, “Təbabətə aid risalə” adlı kitablarının ilk çap nüsxələri, o cümlədən müəssisənin alim və əməkdaşlarının görkəmli yazıçı və dövlət xadiminin həyat və yaradıcılığını özündə əks etdirən nəşrləri nümayiş olunub.