Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında danimarkalı yazıçı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında "Düyməcik" tamaşası hazırlanır.

Teatrdan bildirilib ki, tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Premyera aprelin 19-na nəzərdə tutulub.

Ayla Osmanovanın quruluş verdiyi səhnə əsərinin rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Rolları Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gülbəniz Lətifova ifa edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.