
Bu gün Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, rejissor, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Nemətovun vəfatının ikinci ildönümü tamam olur.
Azər Paşa Nemətov 1947-ci il avqustun 13-də Bakıda tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr rejissoru fakültəsini (SSRİ Xalq artisti Mehdi Məmmədovun kursu) bitirib.
Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Azər Paşa Nemətov burada quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb. 1974–1976-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb, bir sıra ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak edib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır.
A.P.Nemətov 1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışıb. 2015-ci ildən teatrın bədii rəhbər-baş rejissoru, 2016-cı ildən bədii rəhbəri və direktoru işləyib. O, eyni zamanda 2004-cü ildən ömrünün sonunadək Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik edib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi fəaliyyət göstərib.
A.P.Nemətov 1987-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
Görkəmli teatr xadimi 2023-cü ilin 9 aprel tarixində Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.