Martın 27-də Daş Salnamə Muzeyində “AFWEU”nun (Africa Fashion Week Europe/Asia Fashion Week Europe) təşkilatçılığı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub.

"Moda həftəsi"nin milli direktoru Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır. Baş prodüser “AFWEU Fashion Week”in təsisçisi, türkiyəli dizayner Aydın Açıkdır. “AFWEU”nun moda həftələri indəyədək bir çox ölkələrdə keçirilib və ilk dəfə Azərbaycanda təşkil olunur.

Açılış mərasimində “Cizgi by Gulnara Khalilova” defilesi təqdim edilib. Daha sonra “Banu Gaidar” (Qazaxıstan), “Cellesterra” (Rusiya), “Gözde İşbilir” (Türkiyə) kolleksiyalarının, eləcə də Azərbaycan Rəssamlıq Akademiyası gənc dizaynerlərinin əl işlərinin nümayişləri keçirilib.

Qeyd edək ki, Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi tarixin və mədəniyyətin moda ilə qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim edir. Bakının zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə Muzeyi builki "Moda həftəsi" üçün ideal məkanıdr. Muzeydə nümayiş olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər olan hekayələri ilə modaya ilham verir. Hər bir moda nümayişi mədəni elementlərin estetik və bədii dəyərlərini əks etdirən anlayışlarla hazırlanıb. Ənənəvi geyim və aksesuarlar müasir moda zövgü ilə birləşdirilib. Moda sənayesinin inkişafı sahəsində xüsusi çıxışlar təşkil olunub. Moda və sənətin birləşməsi həm yerli, həm də beynəlxalq səviyyədə sənətkarlar və dizaynerlər arasında əməkdaşlığı və yaradıcı dövrləri təşviq edərək turizm və iqtisadiyyatın inkişafına töhfə verir.