Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin oyun ekosistemini təmsil edən nümayəndə heyəti ABŞ-nin San-Fransisko şəhərində keçirilən dünyanın ən nüfuzlu tədbirlərindən olan Oyun Tərtibatçıları Konfransına (Game Developers Conference – GDC 2025) qatılıb.
Səfər çərçivəsində nümayəndə heyəti beynəlxalq oyun studiyaları, texnologiya şirkətləri və investorlarla birbaşa əlaqələr qurmaq, oyun sənayesindəki qlobal trendlərlə tanış olmaq və yerli məhsulların qlobal bazarlara çıxışı üçün imkanları araşdırmaq imkanı əldə edib.
Mədəniyyət Nazirliyi tərəfindən nümayəndə heyətinin bu konfransda iştirakı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilib.
Konfrans çərçivəsində Beynəlxalq Oyun Tərtibatçıları Assosiasiyasının tədbirində qurumun Azərbaycan fəslinin rəsmi açılışı elan olunub.
“Gametech” klasteri Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin innovativ üsullarla tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.