Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Gəncənin icra başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları Recep Öztop və Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin (GDU) rektoru professor Yusif Yusibov, digər idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Gəncə Dövlət Milli Dram Teatrının foyesində sərgi ilə tanış olublar.
Daha sonra teatrın səhnəsində konsert proqramı təqdim edilib. Konsertdə GDU-nun nəzdində Regional Kollecin “Ozan” folklor ansamblı, “Dostum” qrupu, tarzən Sahil Quliyev, solistlər Zəminə Mustafayeva və Əziz Əhmədov çıxış ediblər. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” uşaq rəqs ansamblı və Gəncə şəhər 13 nömrəli uşaq bağçası fidanlarının bir-birindən maraqlı rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bununla yanaşı, Gəncə teatrının baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi “Keçəlin toyu” səhnəciyi nümayiş olunub.
Konsert proqramından sonra teatrın qarşısında müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları Novruz bayramı münasibətilə təbrik ediblər. Novruzun personajları Keçəl və Kosanın çıxışları, həmçinin qonaqlarla yumurta döyüşdürmələri maraqla izlənilib.
Sonda Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçılar ansamblının müşayiəti ilə Niyazi Bayramov 2024-cü il paralimpiya çempionu İmaməddin Xəlilovla birlikdə bayram tonqalını alovlandırıblar.