Martın 17-də “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Bahar – 2025” adlı Novruz festivalı keçirilib. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunan tədbirdə dövlət idarələrinin əməkdaşları, rayon sakinləri, müəllim və şagirdlər iştirak ediblər.
Ağsu qoruğunun direktoru Şölə Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, festival çərçivəsində qoruq ərazisində qurulan etnoqrafik guşədə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi əks etdirən eksponatlar – xalçalar, palazlar, səhənglər, cəhrə, dəyirman daşı, mis qablar, məfrəş, sandıq, heybə, kəlağayı, qurama nümunələri sərgilənir. Etnoqrafik guşə aprelin 1-dək ziyarət üçün açıq olacaq.
Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib və onlara bol ruzi, işlərində müvəffəqiyyətlər arzulayıb.
Festivalda folklor və qədim sənətkarlıq nümunələrinin, basmanaxış sənəti nümunələri, abidələrin heykəlcikləri, Orta əsr Ağsu şəhər yerində aşkar olunan artefaktlar təqdim olunub.
Festival məkanında milli mətbəx nümunələrindən qutab, yuxa bişirilib, qovurğa hazırlanıb. İştirakçılar Novruz süfrəsinin vaz keçilməzləri şəkərbura və paxlavaya qonaq ediliblər. Bundan əlavə, iştirakçılar nehrə asıb, yun darayıblar.
Ağsu rayon Uşaq musiqi məktəbi kollektivinin ifasında musiqi nömrələri səsləndirilib. Ağsu Tədris Mərkəzinin şagirdləri nəlbəki rəqsini ifa edib, Novruza, bahara aid şeirlər səsləndiriblər.
Daha sonra Novruz tonqalı yandırılıb. Ağsu rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri qəlboxşayan nəğmələrlə tədbirə rəng qatıblar.