Meksika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinin yaradılmasının 10 illiyi münasibətilə Azərbaycan Rəssamlıq Akademiyasının (ARA) tələbələri arasında loqo dizaynı müsabiqəsi keçirilib.

Martın 14-də ARA-da ərsəyə gətirilmiş işlərin sərgisi təşkil olunub. Tədbirdə Rəssamlıq Akademiyasının rəhbər heyəti, müəllim-professor kollektivi, müsabiqəyə qatılan tələbələr və digər qonaqlar iştirak ediblər.

Meksika səfirliyi ilə Rəssamlıq Akademiyası arasında qurulan əməkdaşlıq çərçivəsində 41 tələbə yubiley üçün loqolar hazırlayıb. Onların arasından 7 iş qalib seçilib.
Tədbirdə giriş nitqi söyləyən səfir xanım Mariya Viktoriya Romero Kabalyero müsabiqə iştirakçılarına təşəkkürünü bildirib və bu cür yaradıcılıq layihələrinin iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə töhfə verdiyini vurğulayıb. Diplomat tələbələrin yaradıcılığını yüksək qiymətləndirərək sərgidə təqdim olunan işlərin peşəkarlıqla işləndiyini vurğulayıb və bunun nəticəsi olaraq seçimlərdə çətinlik çəkdiklərini bildirib.
ARA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev tələbələri təbrik edib, onların beynəlxalq layihələrdə iştirakının əhəmiyyətli olduğunu bildirib. Eyni zamanda rektor müəllifi olduğu bir neçə monumental heykəlin Meksikada ucaldıldığını qeyd edib. Bildirilib ki, bu, incəsənətin sərhədləri aşan gücünü və iki ölkə arasında yaradıcılıq əlaqələrinin dərinləşməsinə töhfə verir.
Akdemiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xalq rəssamı, professor Salxab Məmmədov çıxış edərək bu əməkdaşlığın davamlı olacağını və tələbələr üçün yeni imkanlar açacağını deyib.
Çıxışlardan sonra qalib tələbələr səfirliyin diplom və hədiyyələri ilə təltif olunublar. Bütün müsabiqə iştirakçılari isə diplomla mükafatlandırılıb.
Sonda xatirə fotosu çəkdirilib.