Bakıda gənc rəssamların Qarabağa həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil edilən sərgidə tələbə rəssamların əl işləri nümayiş olunur.
QDF-nin İdarə heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın təbiətinə, abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 tablo Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün keçdiyi ustad dərsləri çərçivəsində ərsəyə gəlib. Ustad dərsləri QDF-nin dəstəyi ilə gerçəkləşib.
Rəhman Hacıyev onu da diqqətə çatdırıb ki, QDF və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə “Qarabağın rəngləri – 2025” layihəsinə start verilib. Qeyd olunub ki, rəssam İnqa Şmidtin ustad dərslərində iştirak edən gənclərin əksəriyyəti bu layihənin final mərhələsində iştirak hüququ qazanan Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir.
R.Hacıyev xatırladıb ki, ötən il keçirilən “Qarabağın rəngləri – 2024” layihəsi çərçivəsində Rəssamlıq Akademiyasının 23 tələbəsinin əl işləri – 19 rəsm və 4 heykəltaraşlıq əsərinin satışından əldə olunmuş 90 min 200 manat vəsait Ağdam rayonu ərazisində yerləşən İmarət kompleksinin bərpasına yönəldilib.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, akademiyanın prorektoru Xalq rəssamı Salxab Məmmədov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Əməkdar incəsənət xadimi Ceyran Mahmudova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun gənc rəssamların gələcək yaradıcılıq fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıblar.
Rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim olunub.
Sonda sərgiyə baxış keçirilib.