Salyanda görkəmli şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının (1928-1980) xatirəsinə həsr olunan "Gedək üzü küləyə..." adlı ədəbi-bədii gecə keçirilib.
Salyan rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon rəsmiləri, mədəniyyət nümayəndələri, poeziyasevərlər və şairin doğmaları iştirak ediblər.
Gecədə çıxış edən natiqlər Əliağa Kürçaylının qısa, lakin mənalı ömür yolundan, onun ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıblar. Bildirilib ki, şair 1946-cı ildə "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbiyyata gəlib və şeirləri yaradıcılığı boyunca mərkəzi və respublika dövri mətbuatında müntəzəm olaraq çap olunub. Onun "Dünya ovcumdadır", "Yollarda axtar məni", "Bütövlük" və digər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. 
Ədəbi-bədii gecədə mədəniyyət nümayəndələri və bədii qiraətçilər şairin şeirlərini səsləndirib, ədəbi kompozisiyalar təqdim ediblər. Həmçinin onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.