Nəriman Nərimanovun Xatirə Muzeyində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “Unudulmaz fəryadın çiçəklənən baharı” adlı tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Ləman Hüseynova çıxış edərək Xocalı hadisələri haqqında qısa məlumat verib. Bildirib ki, bu soyqırımı nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb. Təəssüf ki, 150 nəfərin taleyi hələ də məlum deyil.

Muzeyin bələdçisi Vəsilə Salmanova Xocalı soyqırımına dair tarixi fakt və məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən, hər il fevralın 26-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin əməkdaşı Səidə Orucova isə Xocalıya həsr etdiyi şeirini səsləndirib.

İşgəncələrə qarşı Azərbaycan Komitəsində Hüquq şöbəsinin rəisi, I Qarabağ müharibəsi qazisi Rövşən Məmmədov gəncləri Xocalı soyqırımının dünyaya çatdırılması, günahkarların cəzalandırılması və bir daha belə faciələrin baş verməməsi üçün dövlətimiz tərəfindən görülən işlərə dəstək olmağa çağırıb.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əlif Hacıyevin bacısı Şükufə xanım qardaşının qəhrəmanlığından danışıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova erməni təcavüzü ilə bağlı həqiqətlərin dünyada yayılması istiqamətində dövlətimizin beynəlxalq təşkilatlarla apardığı işlər haqqında məlumat verib.