Fevralın 22-də ölkəmizin Ankaradakı səfirliyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sindən daha bir poemanın – “Sirlər xəzinəsi”nin türk dilinə tərcüməsinin təqdimat mərasimi olub. Kitab səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə orjinaldan Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap olunub.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, nizamişünaslar, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəşad Məmmədov Nizami irsini “bütün bəşəriyyətin, o cümlədən Türk dünyasının sərvəti” adlandırıb. “Sevindirici haldır ki, Azərbaycanın dahi oğlunun əsərləri türk dilinə də tərcümə olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi arasında dahi Nizami haqqında ən dolğun məlumatın formalaşmasına kömək edir”, – deyə o qeyd edib.

Fərid Cəfərov çıxışında dahi Nizaminin kitabının tərcüməsinin təqdimatında iştirakı qürur mənbəyi adlandırıb. “Nizaminin misraları bu gün də dünyada milyonlarla insan üçün bələdçidir”, – deyən nazir müavini Azərbaycan dövlətinin dahi şair və mütəfəkkirin irsinin təbliğinə daim xüsusi diqqət yetirdiyini, yubiley tədbirləri təşkil etdiyini vurğulayıb. 

Nazir müavini bildirib ki, bu qəbildən tədbirlər davam etdiriləcək, o cümlədən Nizami Gəncəvinin əsərlərinin tərcümələrinin beynəlxalq kitab sərgilərində təqdimatı keçiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov məlumat verib ki, “Xəmsə”nin bütün beş əsəri 2026-cı ilə qədər orijinaldan türk dilinə tərcümə olunacaq. O əlavə edib: “Türkiyəli oxucular artıq iki əsərlə – “İsgəndərnamə” və “Sirlər xəzinəsi” ilə tanış ola bilərlər. Gələcəkdə Azərbaycanın bir çox başqa şair və yazıçılarının da əsərlərinin türk dilinə tərcüməsini mərhələli şəkildə həyata keçirməyi planlaşdırırıq”.

Tərcümənin müəllifi Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. O, hazırda “Leyli və Məcnun”un orijinaldan tərcüməsi üzərində işlərin davam etdiyini bildirib: “2026-cı ilin ortalarına qədər biz “Xəmsə”nin tam tərcüməsini hazırlamağı və dahi Nizami Gəncəvinin “Divan”ına keçməyi planlaşdırırıq”.

Səfir R.Məmmədov layihənin müəllifinə dahi Nizaminin doğulduğu yer – Gəncə şəhərinə həsr olunmuş kitab, Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov isə professora təşəkkür plaketi təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Nizaminin yaşayıb-yaratdığı tarixi dövr haqqında tədbir iştirakçılarına məlumat verib. 

Xalq şairi Sabir Rüstəmxanlı Türkiyə ictimaiyyətinin uzun müddət Nizami Gəncəvini fars şairi kimi qəbul etməsindən təəssüfləndiyini bildirib. “Sevindirici haldır ki, bu təhrif olunmuş fikir Azərbaycanın dahi oğlunun əsərlərinin türk dilinə tərcüməsi sayəsində də dəyişir”, – deyə o vurğulayıb. Qeyd edib ki, dahi Nizami irsi əsrlərboyu dünya şərqşünasları arasında ehtiram və rəğbətlə qarşılanıb.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov dahi şairin əsərlərinin dünyanın aparıcı kitabxanalarının kolleksiyalarında yer aldığını qeyd edərək bildirib ki, Milli Kitabxana dünya üzrə nizamişünasların və tərcüməçilərin səylərini dəstəkləməyə, onları Nizaminin əsərlərinin bütün mövcud elektron variantları ilə tanış etməyə hazırdır.

Mədəniyyət nazirinin müavini F.Cəfərov tədbirdən sonra Nizami Gəncəvinin türk dilində kitablarının nümayiş etdirildiyi stendlə tanış olub.