Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Əbədi Qayıdış” adlı tədbir-sərgi keçirilib.

Fevralın 21-də gerçəkləşən tədbirdə Xocalı soyqırımının canlı şahidlərindən biri – faciə zamanı 5 yaşında olan Nəbi Əliquliyev də iştirak edib. O, çıxışında uşaqlıq yaddaşında silinməz iz buraxan həmin dəhşətli gecə ilə bağlı xatirələrini bölüşüb.

Professor Həvva Məmmədova və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin bacısı Şükufə Zeynalova çıxış edərək erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər barədə danışıblar.

Vurğulanıb ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam etdirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir.

Azərbaycan İstiqlal Muzeyində 2017-ci ildən etibarən həyata keçirilən “Mədəniyyət xeyriyyəçiliyi” layihəsi çərçivəsində indiyədək tanınmış rəssamlar, heykəltaraşlar və ictimai-siyasi xadimlər tərəfindən muzeyə 200-dən çox eksponat hədiyyə edilib. Bu il isə Azərbaycan rəssamı Fəxrəddin Qəhrəmanlının Xocalı faciəsinə həsr olunmuş “Fəryad” adlı rəsm əsəri muzeyə bağışlanıb və sərgi çərçivəsində ictimaiyyətə təqdim edilib.

Budəfəki sərgidə 35-dən çox rəsm əsəri və heykəltaraşlıq nümunəsi nümayiş etdirilib. 

Sərgidə Bakı Dövlət Universitetinin Tarix və Filologiya fakültələrinin tələbələri, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları və digər qonaqlar iştirak ediblər.