
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin ötən ildən birgə həyata keçirdiyi “Muzeydə musiqi” layihəsi bu il də davam edir.
Layihə üzrə fevralın19-da Milli İncəsənət Muzeyində Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) 140 illiyinə həsr olunan konsert proqramı təqdim ediləcək.
Konsertdə Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xoru (bədii rəhbəri və dirijoru, Əməkdar müəllim Təranə Yusifova) çıxış edəcək.
Təranə xanımın saytımıza bildirdiyinə görə, konsertdə Üzeyir bəyin “Leyli və Məcnun” operasından 45 dəqiqəlik kompozisiya (Leyli – Zeynəb Nəcəfova, Məcnun – Rəvan Qoçayev) təqdim ediləcək. Dahi bəstəkarın “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi”, onun “Çırpınırdın, Qara dəniz” şərqisi və Üzeyir bəyin xor üçün işlədiyi “Aman, nənə” xalq mahnısı, eləcə də kollektivin bütün konsertlərdə ifa etdiyi Elza İbrahimovanın “Ey Vətən” mahnısı bu proqramın da bəzəyi olacaq.
Konserti izləmək üçün biletləri muzeyin kassasından əldə edə bilərsiniz.
Gülcahan