Fevralın 10-da böyük yazıçı-dramaturq, publisist, naşir, pedaqoq, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) anadan olmasının 156-cı ildönümü tamam oldu.

Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə "Qaranlıqdan işığa" adlı tədbir keçirilib.

"Dahi ədiblər" silsiləsindən təşkil olunan tədbirdə ziyalılar, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə görkəmli ədibin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Çıxış edənlər nasirin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıblar.

Qeyd olunub ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi dram və nəsr əsərləri, parlaq publisistikası Azərbaycan ədəbiyyatı və mətbu fikrinin qiymətli nümunələridir.

Daha sonra Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasının qəhrəmanı Kefli İsgəndərin monoloqu təqdim edilib və yazıçıya həsr olunan şeir səsləndirilib.

Sonda ədibin əsərlərindən ibarət sərgiyə baxış keçirilib.