Ötən ilin dekabrında premyerası keçirilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi Laçın şəhərində nümayiş olunub.
“Lacinema” kino mərkəzində təşkil olunan nümayişdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətə öz təşəkkürünü bildirib.
Filmin prodüseri və ssenari müəllifi Sərvər Bayramov bildirib ki, ekran işinin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir. Həmçinin zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq salnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır: “Film Laçında və ətraf ərazilərdə bərpaolunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən müharibəsi, şanlı Zəfərlə bağlı şüuraltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyət etibarilə xüsusi əhəmiyyət kəsb edir”.
Bildirilib ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimizin, mədəniyyətimizin intibah dövrü sayılan XII-XIII əsrləri əks etdirir.
Filmdə çəkilən Xalq artisti Mehriban Zəki deyib: “Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Hər birinizi bu gün münasibətilə təbrik edirəm”.
Sonra “Azərbaycan Atabəyləri” filmi nümayiş olunub. Filmi şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar izləyiblər.
Ekran işi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Azərbaycan Atabəyləri” adlı tarixi bədii-sənədli filmi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə lentə alınıb.
filmin quruluşçu rejissoru Məcid Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Filmdə tanınmış K1 döyüşçüsü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri yer alıblar.
Ekran işində 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.