Azərbaycanın Almaniyadakı Səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyinə həsr olunmuş “Doğma Vətənin rəngləri” adlı sərgisi keçirilib.
Əvvəlcə Əşrəf Heybətovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 1990-cı illərin ortalarından Almaniyada yaşayan Əşrəf Heybətovun yaradıcılığının geniş coğrafiyanı əhatə etdiyini, əsərlərinin Cenevrədə BMT-nin Millətlər Sarayı, Brüsseldə NATO-nun mənzil-qərargahı, Vatikan, İordaniya Kral Sarayı və Rumıniya Prezident Sarayı kimi nüfuzlu məkanlarda nümayiş etdirildiyini xatırladıb. Bildirilib ki, sənətkarın fəaliyyəti Azərbaycanda da yüksək qiymətləndirilib və ona incəsənətin inkişafına verdiyi töhfələrə görə “Əməkdar rəssam” və “Xalq rəssamı” fəxri adları verilib.
Vurğulanıb ki, müxtəlif janrlara müraciət edən Əşrəf Heybətovun yaradıcılığında sülh, mədəni irs, insan amili xüsusi yer tutur. Eyni zamanda, mədəni təşəbbüslərin təşkilatçısı kimi də fəal olan Əşrəf Heybətovun Almaniyada Azərbaycan mədəniyyətinin tanıdılmasına və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyi qeyd edilib.
Səfir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Əşrəf Heybətovun 75 illik yubileyi ilə bağlı təbrik plaketini rəssama təqdim edib.
Xalq rəssamı Əşrəf Heybətov yaradıcılığına və fəaliyyətinə göstərilən diqqətə, eləcə də sərginin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını ifadə edib, harada olmasından asılı olmayaraq daima Vətənə ülvi məhəbbətini əsərləri vasitəsilə izhar etməyə çalışdığını vurğulayıb.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.
Ekspozisiyada rəssamın müxtəlif mövzularda 40-a yaxın əsəri nümayiş etdirilib. Müəllifin zəngin və çoxşaxəli yaradıcılığını əks etdirən əsərlərdə Vətən sevgisi, Azərbaycanın qədim adət-ənənələri, füsunkar təbiəti və zəngin mədəni irsini təcəssüm edən motivlər xüsusi yer tutur. Rənglərin və bədii ifadənin ahəngi ilə seçilən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.


























