26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası nümayiş olunub.
Teatrdan verilən məlumata görə, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan və Milli Qəhrəman Natiq Qasımovun misilsiz şücaətindən bəhs edən “Ölməz” monotamaşası təqdim olunub.
Səhnə əsərinin müəllifi Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Tamaşada aktyor Elay Xasıyev çıxış edib.
Natiq Qasımovun altı silahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına mühasirədə qalaraq düşmənə göstərdiyi müqavimət, qəhrəmanlıq salnaməsi, vətənpərvərliyi bədii-estetik vasitələrlə səhnə həllini tapıb.
Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. O, ömrünün son anınadək Azərbaycan bayrağını düşmənə təslim etməyərək misilsiz vətən sevgisi və iradə nümayiş etdirib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Silahlı Qüvvələr Gününə həsr olunan tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, qəhrəmanlıq tariximizin gənc nəslə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.
























