Beynəlxalq Muğam Mərkəzinin (BMM) Cahangir Cahangirov adına Xoru iyunun 24-də görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun (1921–1992) 105 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Bu barədə BMM-dən məlumat verilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bəstəkarın zəngin həyat yolundan və çoxşaxəli yaradıcılığından danışıb. Bildirib ki, Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan Radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Onun yazdığı mahnıların çoxu ilk dəfə bu kollektivin ifasında səslənib. Görkəmli bəstəkarın yaradıcılığının əsas hissəsini təşkil edən xor əsərləri Azərbaycan xor musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb.

Qeyd olunub ki, bəstəkarın bəstələdiyi mahnılar, xor əsərləri və kantatalar milli musiqi xəzinəmizin qızıl fonduna daxildir. Nazir müavini bəstəkarın bədii irsinin bu gün də gənc nəsil tərəfindən yaşadıldığını vurğulayıb: “Nə qədər ki, Cahangir Cahangirovun dillər əzbəri olan musiqisi səslənməkdədir, onun xatirəsi heç vaxt unudulmayacaq”.

Sonra Cahangir Cahangirov adına Xor bədii rəhbər, Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifovanın idarəsi ilə unudulmaz bəstəkarın əsərlərindən ibarət proqram təqdim edib.

Cahangir Cahangirovun “Azərbaycan” odası (söz: Nəbi Xəzri) ilə başlanan konsert proqramında xorla birlikdə Xalq artistləri Eyyub Yaqubov, Gülyaz və Gülyanaq Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Gülüstan Əliyeva, Dilarə Əliyeva, Lalə Məmmədova, Arzu Əliyeva və BMM-ın solistləri Mirələm Mirələmov, Günay İmamverdiyeva və Güllü Muradova çıxış ediblər.

Bəstəkarın “Bayatılar”, “Sevgilim”, “Zərif gülüşlüm” və digər məşhur əsərləri alqışlarla qarşılanıb.

Konserti “Qarabağ” kamera orkestri, pianoda Əməkdar artist Nərgiz Əliyeva və Cəmilə Musayeva, nağarada Yusif Rüstəmov müşayiət edib.