24-27 avqust tarixlərində Laçın şəhərində ilk dəfə beynəlxalq film festivalı (Lachin International Film Festival – LIFF) keçirilir.

“Where Film Meets LIFE” (“Kino və həyatın görüşdüyü yer”) şüarı ilə keçirilən tədbir Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin – Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı kimi regionun mədəni həyatında yeni səhifə açır.

Laçın Beynəlxalq Film Festivalında nümayiş üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onların 38-i festivalın əsas proqramına daxil edilib.

Festival çərçivəsində həmçinin 18 yerli film göstəriləcək. Azərbaycan kinosundakı gənc nəslin yeni yaradıcılıq baxışlarını bir araya gətirən bu filmlər müasir milli kinematoqrafiyamızın rəngarəngliyini və inkişaf dinamikasını əks etdirir.

Müsabiqədə qalib gələn filmlərə Laçın Beynəlxalq Film Festivalının rəsmi mükafatı olan “Qızıl palıd budağı” təqdim olunacaq.

Festivalın təsisçisi və icraçı-yaradıcı tərəfdaşı Laçında fəaliyyət göstərən “HochazFilm Creative Studio”, direktoru studiyanın həmtəsisçisi və rəhbəri Amil Məmiyevdir (Amil Amal).

Tədbirin keçirilməsinə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Qarabağ Dirçəliş Fondu, Bakı Abadlıq Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Prodüserlər Gildiyası, Laçın Abadlıq Xidməti dəstək verirlər.

***

Avqustun 25-də Laçın Beynəlxalq Film Festivalı (Lachin International Film Festival – LIFF) çərçivəsində panel müzakirə təşkil olunub.

Paneldə Azərbaycanın və Türkiyənin kino sahəsində əməkdaşlığı, birgə film layihələrinin həyata keçirilməsi, eləcə də müasir kinonun inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli rejissor Suat Köçər iki ölkə arasında müştərək film layihələrinin azlığına diqqət çəkərək deyib: “Ortaq filmimiz heç yox idi. Buna görə “Məryəm” tammetrajlı bədii filmində birləşməyə qərar verdik. Bu festivalın keçiriləcəyini biləndə çox şad oldum”.

Azərbaycanlı rejissor Elçin Musaoğlu festivalın kino nümayəndələri arasında yeni əlaqələrin qurulması və mövcud əməkdaşlıqların inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, belə festivallar həm sənətçilərin bir araya gəlməsi, həm də yeni layihələrin yaranması üçün mühüm imkan yaradır. 

Panel zamanı gənc rejissorlara kino sahəsində uğurlu fəaliyyət göstərmələri üçün müxtəlif tövsiyələr verilib, yaradıcılıq axtarışları, peşəkar inkişaf və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.

***

Film sahəsində istedadlı gənclərimiz çoxdur və onların yaradıcılığında böyük potensial görürük. İnanıram ki, bu gənclər yaxın gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər.

Bunu Laçın Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov deyib.

O qeyd edib ki, filmlərin seçimində əsas diqqət bədii keyfiyyətə, peşəkar rejissor işinə, yaradıcı yanaşmaya və mövzunun təqdimatına yönəldilib: "Bu cür festivallar gənc rejissorların özlərini göstərməsi, təcrübə qazanması və beynəlxalq kino mühitinə çıxış əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır”.