Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Ağstafa rayonunda fəaliyyət göstərən "1 İnci” psixologiya nitq mərkəzini ziyarət ediblər.
Tədbirin əsas məqsədi uşaqların sosial inteqrasiyasına dəstək vermək, onların asudə vaxtının səmərəli təşkilinə töhfə göstərmək, həmçinin diqqət və qayğıya ehtiyacı olan uşaqlarla mənəvi ünsiyyət mühitinin formalaşdırılması olub.
Görüş çərçivəsində uşaqların dünyagörüşünün artırılması və mədəni irsimizin tanıdılması məqsədilə maarifləndirici proqram təşkil olunub. Uşaqlara tarixi abidələrimiz və mədəni irsimiz haqqında ətraflı məlumat verilib, bölgəmizin zəngin keçmişini və Keşikçidağ mağaralar kompleksini əks etdirən bələdçi jurnalı və sərgi kataloqları nümayiş etdirilib. Mərkəzin xidmət sahəsinə uyğun olaraq uşaqlar üçün tarixi mövzulara həsr olunmuş maraqlı film və videoçarxlar nümayiş etdirilib.
Bundan başqa, uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici oyunlar təşkil edilib. Tədbir iştirakçılarının yüksək əhval-ruhiyyəsi və aktivliyi sosial inklüzivliyin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.
Sonda "Keşikçidağ" qoruğunun əməkdaşları tərəfindən uşaqlara kiçik hədiyyələr təqdim olunub.






















