Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, Əməkdar artist, mahir tarzən Məmmədağa Muradovun 105 illiyinə həsr olunan gecə təşkil edilib.

Xatirə gecəsində çıxış edən Xalq artisti, tarzən Vamiq Məmmədəliyev və Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə sənətkarın yaradıcılıq yolundan, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən və tar sənətinin inkişafındakı xüsusi rolundan danışıblar.

Tədbirdə sənətkarın Azərbaycan muğam sənətinin, milli musiqi irsinin və tar ifaçılıq məktəbinin inkişafında oynadığı mühüm roldan bəhs olunub. Qeyd edilib ki, Məmmədağa Muradov uzun illər ərzində öz yüksək ifaçılıq məharəti, zəngin repertuarı və sənətə bağlılığı ilə milli musiqimizin təbliğinə və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verib.

Bədii hissədə Məmmədağa Muradovun əziz xatirəsinə ehtiram olaraq konsert proqramı təqdim edilib.

Konsert proqramında BMM-nin solistləri, Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalov, həmçinin xanəndələr Mirələm Mirələmov, Hüseyn Məlikov, Nisbət Sədrayeva, Murad Laçın və Yusif Cəfərbəyli çıxış ediblər.

Səsləndirilən muğamlar və instrumental ifalar Azərbaycan tar sənətinin zəngin ənənələrini, milli musiqimizin dərin köklərini və ustad sənətkarların yaradıcılıq irsini bir daha nümayiş etdirib.

Tədbirin sonunda tarzənin oğlu Zahid Muradov tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.