26 avqust Azərbaycanın təqvimində əlamətdar gün – Laçın Şəhəri Günüdür. 

2022-ci ilin həmin günü, Vətən müharibəsinin (İkinci Qarabağ müharibəsi, 27 sentyabr – 9 noyabr 2020-ci il) nəticəsi olaraq cərəyan edən proseslərin davamı olaraq, Laçın şəhəri Azərbaycan Respublikasının suverenliyi altına qayıdıb. 

Müharibənin başa çatmasına dair Üçtərəfli Bəyanatın (Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli Bəyanat) müvafiq bəndinə uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldılsa da, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzarətində qalmışdı. Həmin vaxt bölgənin mühüm nəqliyyat yolu (Laçın dəhlizi) Laçın şəhərindən və bu iki kənddən keçirdi.

Azərbaycan qısa müddətdə Laçından keçən yola alternativ avtomobil yolu çəkdi və nəticə etibarilə rusiyalı sülhməramlılar köhnə yola və Laçın şəhərinə nəzarəti tam şəkildə Azərbaycana təhvil verməli oldular.

Avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Azərbaycan Ordusunun hissələri Laçın şəhərinə daxil oldu, həmçinin Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. 

İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdıb, şəhərdə bərpa-quruculuq işləri aparılıb. 

Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan ilk sakinlərlə görüş zamanı bu barədə demişdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalar və digər yaşayış ərazilər çoxmənzilli binalar üçün nəzərdə tutulub. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb. 

Ötən müddətdə Laçın şəhəri çoxsaylı mədəniyyət tədbirlərinə, o cümlədən beynəlxalq görüşlərə ev sahibliyi edib, 2025-ci ildə "MDB-nin Mədəniyyət Paytaxtı" olub.

Bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və aidiyyəti qurumların dəstəyi ilə Laçında "Şəhər günü" münasibətilə rəngarəng tədbirlər və sənət şöləni proqramı tərtib edilib. 

 

medeniyyet.info.az