Milli Kitabxana 26 avqust – Laçın Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgiyə bu linkdə baxmaq olar.

Laçın şəhərinin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. 2022-ci il avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət bayrağı ucaldılıb. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində avqustun 26-da yerləşməsi ilə əlaqədardır.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü elan edilib.