Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rokko Ronzani AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara tarixi binanın memarlıq xüsusiyyətləri, elmi müəssisənin fəaliyyət istiqamətləri, burada qorunan zəngin əlyazma fondu, nadir tarixi sənədlər və aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.
AMEA rəhbəri burada mühafizə olunan əlyazma və sənədlərin ölkəmizin tarixi və mədəni irsinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nümayəndə heyəti institutun saxlanclarını ziyarət edərək, əlyazma sənədlərinin və qədim kitabların qorunma şəraiti ilə tanış olublar, nadir nüsxələrə və tarixi sənədlərə baxış keçiriblər.
Qonaqlar institutun Əlyazmaların gigiyenası, konservasiyası və bərpası laboratoriyasında bərpa və cildləmə prosesini yaxından izləyiblər.
Əlyazmalar İnstitutunda qorunub saxlanılan dahi şair Nizami Gəncəvi irsinə aid XIV əsr əlyazma nüsxəsi qonaqlara təqdim edib.
Nümayəndə heyətinin üzvləri institutun ekspozisiya zalında X-XI əsrlərdə Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər haqqında”, Şərqin dahi mütəfəkkiri İbn Sinanın “Tibb qanunları”, XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsərlərinin əlyazma nüsxələri, eləcə də şairə Xurşidbanu Natəvanın özünün çəkdiyi gül təsvirlərindən ibarət “Gül dəftəri” adlı şeirlər albomu ilə də tanış olublar.
***
Qeyd edək ki, Vatikandan gələn qonaqlarla AMEA-nın Rəyasət Heyətində də görüş olub.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ötən ilin sentyabr ayında Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. O, imzalanmış memorandumun elmi araşdırmalar üçün yeni imkanlar açdığını, layihə çərçivəsində AMEA-nın Tarix və Etnologiya İnstitutunun bir əməkdaşının 6 aylıq müddətə Vatikana ezam olunacağını qeyd edib.
Akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində ilkin olaraq Vatikan Apostol Kitabxanası və Apostol Arxivində saxlanılan Azərbaycana dair arxiv materialları, əlyazmalar və sənədlərin kataloqunun hazırlanmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının zəngin təcrübəsi var.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirib. O, anlaşma memorandumunun imzalanmasına görə Heydər Əliyev Fonduna və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirinə minnətdarlığını ifadə edib. Vatikan Apostol Kitabxanası və Apostol Arxivində zəngin materialların, kitabların, əlyazmaların, sənədlərin qorunduğunu deyən Covanni Çezare Paqatzi memorandum çərçivəsində birgə real layihələrin həyata keçirilməsinin zəruriliyinə toxunub.
























