107 il əvvəl, Xalq Cümhuriyyəti dövründə nəşr olunan və cəmi altı sayı işıq üzü görən, milli mətbuat tariximizdə ilk mədəniyyət dərgisi sayılan “Övraqi-nəfisə” məcmuəsi yenidən oxucuların görüşünə gəlib.
Fevralın 17-də Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub.
Milli mətbuatımızın ötən il geniş şəkildə qeyd olunan 150 illik yubileyinə töhfə vermək niyyətilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətiriən “Övraqi-nəfisə” dərgisi ADA Universitetinin təşəbbüs və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəfis tərtibatla nəşr edilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Onun sözlərinə görə, zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.
Nəşrin milli mətbuatımızın 150 illiyinə həsr olunduğunu vurğulayan “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qeyd edib ki, yubiley tarixləri yalnız təqvim hadisəsi deyil, həm də tarixi irsimizə yenidən nəzər salmaq, müəyyən məsələləri gündəmə gətirmək üçün mühüm fürsətdir.
Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu layihənin icrası barədə danışıb. Qeyd qeyd edib ki, nəşrin bədii və elmi hissələri jurnalın ümumi strukturu və konsepsiyasına uyğun şəkildə tərtib olunub, transliterasiya və şərhlər üzərində elmi iş aparılıb. "Mətbuat tariximizə diqqətin artması, bu sahədə araşdırma və nəşrlərin intensivləşməsi xüsusilə ADA Universitetinin təşəbbüsləri ilə yeni mərhələyə qədəm qoyub. Bu isə mətbuat tariximizin sistemli şəkildə öyrənilməsi və ictimai yaddaşda daha möhkəm yer alması baxımından olduqca əhəmiyyətlidir", - deyə o bildirib.
Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov vurğulayıb ki, bu jurnal Azərbaycan üçün son dərəcə nəcib və əhəmiyyətlidir. Belə layihələr milli yaddaşı qoruyur, azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək nəsillərə etibarlı mənbə ötürür. Qısa müddətdə görülən işlər yüksək qiymətə layiqdir və zaman keçdikcə bu zəhmətin dəyəri daha aydın görünəcək.
Tədbir bədii hissə ilə davam edib.
AMK-nın “Miras” qədim musiqi alətləri ansamblının (bədii rəhbər: Pikə Axundova) ifasında orta əsr musiqi dühası Əbdülqadir Marağainin yaradıcılığından “Hüseyni bəstə” səsləndirilib. Həmçinin Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasından fraqmentlər, “Qaragilə” xalq mahnısı, "Çahargah” təsnifi, E.Sabitoğlunun "Şükriyyə", Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnıları (hər ikisinin sözləri: Əhməd Cavad), “Leyli və Məcnun” operasından parçalar təqdim edilib. Bədii proqram Ü.Hacıbəyli və Ə.Cavadın "Azərbaycan marşı" (Dövlət Himni) ilə başa çatıb.
Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev layihədə və təqdimatda əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. Qeyd edib ki, bu cür tədbirlər davam etdirilməli, növbəti mərhələdə isə təhsil sahəsinə və tarixi mövzulara aid kitabların təqdimatı da həyata keçirilməlidir. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının və düzgün istifadəsinin qorunmasına xüsusi önəm verir. Dil mütaliə ilə inkişaf etdirilə bilər.
***
“Övraqi-nəfisə” dərgisi 1919-cu ilin mart-avqust aylarında Bakıda nəşr olunub. Naşiri Zülfüqar Hacıbəyov, redaktoru Əliabbas Müznib olub, illüstrasiyaları Əzim Əzimzadə çəkib.
Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyov, Əliabbas Müznib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflərin yazıları yer alıb. Məcmuədə ədəbiyyat, musiqi, teatr, memarlıq abidələri haqqında məqalələr, fotolar, aktyorların həyatı və səhnə fəaliyyəti barədə yazılar, eləcə də bədii ədəbiyyat nümunələri, şeirlər dərc olunub.
Ayda bir dəfə çap olunan dərginin nəşri 6-cı saydan sonra kağız qıtlığı üzündən dayanıb.



























