Bu, yaşadığım mühit və həyat şərtlərinin mənə vеrdiyi tərbiyədir. Mən çocuqkən yеtim qaldığımdan, bircə bacımdan başqa kimsə mənə baхmazdı... Bircə zavallı bacım mənim günümə yanar, məni oхşayardı. Sonradan qəza bir kənd müəllimi vasitəsilə məni məktəbə sövq еdincə, çocuq könlümdə bir arzu oyandı.
Mühitdən intiqam almaq və bacımı sеvindirmək üçün varlı, həşəmətli bir adam olmaq... Mən istəyirdim bütün dünya mənimlə hеsablaşsın... Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın...
Amma... O (Gültəkin) məni susdurub, həyata təslim olmağa məcbur еtdi. Mən istəyirdim ki, sеvdiyim məni sеvməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuхusuz gеcələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə... Yalnız ölərkən, son nəfəsdə dodaqlarımı dodaqlarına sıхıb: mən bir həqiqətəm, mən bir hеç dеyiləm! – dеyə, qalibiyyət və iftiхar sеvinclərində boğulub ölmək istəyirdim...
Bəşəri arzuları həyat reallıqlarında məhv olan gəncin faciəsi...
Böyük dramaturq Cəfər Cabbarlının bir əsr öncə yaratdığı, mövzusu, ideyası, ibrət dərsi bir əsr sonra da aktual olan “Aydın” yenə səhnədədir.
Əsərə yeni quruluş Akademik Milli Dram Teatrında verilib.
Xalq artisti Firudin Məhərrəmovun rejissor yozumunda klassik ədəbi (dramaturji) nümunə qismən ixtisar (bir pərdəsi və dörd (Pirqulu, Səlim, Qulam, İlyas) obrazı) edilsə də, bədii ruhu tamamilə saxlanılıb, ideyası isə daha qabarıq və təsirli ifadə olunub.
18-19 mart tarixlərində premyerası keçirilən tamaşa 4 apreldə növbəti dəfə anşlaqla nümayiş olundu. Bu isə o deməkdir ki, Akademik Milli Dram Teatrının repertuarına daha bir baxımlı səhnə nümunəsi daxil olub.
Xatırladaq ki, Cəfər Cabbarlı “Aydın” dramını 1919-cu ildə qələmə alıb. Pyеsin AMЕA-nın Əlyazmalar İnstitutunun arхivində saхlanılan müəllif əlyazmasında “7/III-1919” tariхi qeyd olunub.
Pyеs ilk dəfə 1922-ci il mayın 9-da ovaxtkı D.Bünyadzadə adına Dövlət Türk Bədayе Tеatrosunda (indiki Akademik Milli Dram Teatrı) Abbas Mirzə Şərifzadənin rеjissor təfsirində səhnə həyatı qazanıb.
Ötən yüz ildən artıq dövrdə əsər Azərbaycanın müxtəlif teatrlarında nümayiş olunub. O cümlədən Akademik Milli Dram Teatrında axırıncı dəfə 25 il öncə Mikayıl Mirzənin rejissor baxışında səhnələşdirilib. Yeri gəlmişkən, həmin tamaşada görkəmli kinoaktyor Rasim Balayev uzun illərdən sonra teatr səhnəsinə (Dövlət bəy rolunda) çıxmışdı.
“Aydın” yeni quruluşunda rejissor Firudin Məhərrəmovla çiyin-çiyinə səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssam Aygün Mahmudova, işıq üzrə rəssam Rafael Vaqifoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Vüqar Məmmədov da böyük zəhmət sərf ediblər.
Bəzi obrazları iki oyunçu ilə hazırlanan tamaşada Əməkdar artist Elnar Qarayev və aktyor Elçin Əfəndi (Aydın), aktrisalar Lalə Süleymanova və Nəzrin Abdullayeva (Gültəkin), aktyorlar Rüstəm Rüstəmov (Surxay), İlyas Əhmədov (Dövlət bəy), aktrisalar Sevinc Əliyeva və Ləman İmanova (Böyükxanım), Əməkdar artist Kazım Həsənquliyev (Novruz), aktyorlar Mətləb Abdullayev (Balaxan), Ramin Şıxəliyev (Mirzə Cavad), aktrisa Güney Əkbərova (Susanna), aktyorlar Muhuma Sahov və Məmməd Məmmədli (Qurban), Əli Nurzadə (tələbə), Fərid Qarayev (Şantanlakey), aktrisalar Məhsəti Tahirzadə, Nərminə Məhərrəmova, Rəbbilə Ələkbər-zadə (Kazino rəqqasələri) iştirak edirlər.
“Aydın” yeni fikirli, azad düşüncəli bir gəncin faciəsindən bəhs edir. Aydın obrazı cəmiyyət tərəfindən anlaşılmayan, lakin həqiqət uğrunda mübarizə aparan gəncin simvoludur. Ötən əsrin əvvəllərində böyük neft pullarının məkanı olmuş Bakı onun kimi bir çox gənci heçə döndərir. Aydın ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, arzularını itirərək “səfillər kralı” olur. Cəmiyyətin təzyiqi, mənəvi tənhalıq və daxili ziddiyyətlər onu sarsıdır. Amma cismani və ruhi əzablara düçar olsa da, insani saflığını itirmir. Öz idealları ilə reallıq arasında sıxılır və faciəvi sonluğunu tapır.
Aydıın əsərin əvvəlindəki monoloqda səsləndirdiyi arzulardan sadəcə biri gerçək olur: son nəfəsdə dodaqlarını sevdiyinin dodaqlarına sıхıb ölmək...
O, qalibiyyət və iftiхar sеvinclərində “mən bir həqiqətəm” deməyi arzulayırdı, amma sonda ona “artıq mən bir həqiqət dеyiləm, mən bir hеçəm” demək qaldı...
Cəfər Cabbarlının məşhur əsəri hazırda paytaxtda daha iki teatrın – Milli Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrının repertuarındadır. Səhnələrdəki bu “Aydın”lar bolluğunda, təbii ki, hərəsinin öz yeri və tamaşaçı auditoriyası var.
İllər sonra Akademik Milli Dram Teatrının səhnəsinə qayıdan “Aydın”a da uzun səhnə ömrü arzulayırıq.
Vüqar Orxan


























