Aprelin 4-də Milli Kitabxanada görkəmli teatrşünas-alim, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun (1931–2011) anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim edilib.

“Teatrşünas-alim İnqilab Kərimov – 95” adlı sərgidə alimin Azərbaycan teatr tarixi, dramaturgiyası və görkəmli sənət xadimlərinin yaradıcılığına dair əsərləri, eləcə də rəyçi və redaktor olduğu, həyat və fəaliyyətini əks etdirən Azərbaycan və rus dilində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Teatrşünaslıq fakültəsini bitirib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayıb, 1985-ci ildən ömrünün sonunadək institutun Teatr, Kino və Televiziya şöbəsinə rəhbərlik edib.

1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını, 1988-ci ildə “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb, həmin il professor elmi adına layiq görülüb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Milli teatrşünaslıq elminin yaradıcılarından olan İnqilab Kərimov Azərbaycan teatrının tarixi, tənqidi və nəzəri problemlərinə dair yüzlərlə elmi məqalənin, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Azərbaycan teatr tarixi” (I, II cild), “Heydər Əliyev: sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Abdulla Şaiq və teatr – 80”, “Ağadadaş Qurbanov”, “Ə.Haqverdiyev və teatr”, “Nəriman Nərimanov və teatr” və s. 20-dən çox kitab və monoqrafiyanın müəllifidir.

Professor İnqilab Kərimovun rəhbərliyi ilə 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, həmçinin yüksəkixtisaslı mədəniyyət kadrlarının hazırlanmasına böyük töhfə verib.

Əsərləri, elmi araşdırmaları Azərbaycan teatrı və mədəniyyətinin inkişafına böyük töhfə verən görkəmli alim bədii yaradıcılıqla da məşğul olub, “Necə qan ağlamasın” adlı hekayələr kitabının müəllifidir, pyesləri müxtəlif teatr səhnələrində tamaşaya qoyub.